Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu, Nazirlər Kabinetinin ötən gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb. Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Bununla yanaşı, taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalı, bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalı, eləcə də ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.

Yeni tələblər Azərbaycanda taksi fəaliyyətində daha çox istifadə edilən "Toyota Prius" markalı avtomobillərə necə təsir göstərəcək?

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, "Prius"ların aqibətinin necə olacağını demək çətindir.

Ekspertin sözlərinə görə, onların necə olacağı kağızda yazılanların necə həyata keçiriləcəyindən asılıdır: "2019-cu ildə Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində taksi və avtobuslara dair tələblər barədə layihə hazırlamışdı. 5 il bundan qabaq hazırlanan tələblər hələ də kağız üzərində qalmaqda davam edir, heç biri icra olunmur". 

Ə.Hüseynov bildirib ki, taksi fəaliyyətini qaydaya salmaq üçün ictimai nəqliyyatda ciddi işlər görülməlidir: "Bəziləri elə bilirlər ki, bu fəaliyyət növünü təkcə taksi olaraq götürüb qaydasına salmaq olar. Bu, mümkün deyil. Taksini qaydasına salmaq üçün ictimai nəqliyyatda ciddi işlər görülməlidir. İctimai nəqliyyat normal olmasa, metro, avtobusların sayı çoxalmasa, onlar saat kimi işləməsə, taksi sahəsində heç bir irəliləyiş olmayacaq. Amma ictimai nəqliyyat inkişaf etsə, tələblərə ciddi riayət olunmağa başlanılsa, təkcə "Prius"lar deyil, digər taksi fəaliyyəti üçün istifadəsi nəzərdə tutulan avtomobillər də taksi kimi istifadə ediləcək". 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov İqtisadiyyat.az-a açıqlamasında buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən "Prius" və digər avtomobil nəqliyyatı vasitələrinin yenə də öz işlərinə davam edəcəklərini söyləyib.

Avtomobilin markası ilə bağlı məhdudiyyət var?

O vurğulayıb ki, tələblərdə avtomobilin hansı markaya aid olmasına dair məhdudiyyət yoxdur. Ekspertin sözlərinə görə, əsas tələb avtomobilin yaş məsələsi ilə bağlıdır: "Ölkədə taksilərin fəaliyyətinin qadağan olunacağı deyilmir. Sadəcə tələblərə uyğun gəlməyənlərə taksi kartları verilməyəcək. Yaş məhdudiyyəti dedikdə iki cür yaş məhdudiyyəti var. Əsas yaş məhdudiyyəti 8 və 15 yaş kimi göstərilir. 15 yaş o deməkdir ki, texniki pasportunda göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək".

A.Əsədov qeyd edib ki, vəziyyətdən sui-istifadə edən alverçilərə də rast gəlinəcək: "Avtomobili baha satmaq istəyən alverçi yenə də satacaq. Həmçinin qiymət öldürməyə çalışan alverçilərə də rast gəlinəcək. Məsələn, 16 minlik "Prius"u 10 minə əldə etməyə çalışanlar da olacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

 

Sadiq Cavadov