Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb.

Elə bu qərarla bağlı İqtisadiyyat.az iri market şəbəkələri ilə əlaqə saxlayaraq, satışla və alıcı qabiliyyəti ilə maraqlanıb.

Saytımıza açıqlama verən “Bazarstore” marketlər şəbəkəsinin PR və Marketinq bölmə müdiri Mahir Həsənov bildirdi ki, artıq bu qaydanı tətbiq etməyə başlayıblar:

"Bu saata qədər hələki müştərilərdən bir şikayət daxil olmayıb. Bir neçə gündür ki, bununla bağlı xəbərlər yazılırdı və hər kəsin məlumatı var. Hətta bununla bağlı müəyyən dizayn hazırlanıb və istehlakçı mağazaya yaxınlaşanda bu dizaynları görür və məlumatlı olur.

"Grandmart"ın marketinq rəhbəri Tural Hacıyev isə bildirdi ki, təyin olunmuş qiymətlərlə satış bütün şəbəkələrdə həyata keçirilir:

"Hazırda bu qərarla bağlı qaynar xəttimizə hər hansı şikayət daxil olmayıb. Qiymət isə standart olaraq tətbiq edilib: 3 kq-lıq, yəni kiçik torbalar 3 qəpik, 5 kq-lıq böyük ölçülü torbalar isə 5 qəpikdən hesablanır".

"Rahat" marketlər şəbəkəsinin PR və Marketinq müdiri Kənan Şirinov saytımıza açıqlamasında dedi ki, onlar da bu gündən etibarən torbaların satışını bərpa ediblər:

"Biz də polietilen torbaların satışına başlamışıq. Kiçik və böyük paketlərin hər ikisi də standart qiymətlər əsasında satılır”.

Qeyd edək ki, məlum qayda "Bravo" marketlərində də tətbiq olunub.

Bəs polietilen torbaların pulla satılması doğrudurmu? Bu tətbiqlə hansı nəticələrə nail ola bilərik deyə iqtisadçı-ekspert Eldəniz Əmirovun fikirlərini də öyrəndik. Mütəxəssis deyir ki, bu qaydada əsas məqsəd təbiəti qorumaq, ekoloji tarazılığa üstünlük verməkdir. Eldəniz Əmirov eyni zamanda iki önəmli məsələyə də diqqət çəkib: 

"İki nüansı qeyd etmək istəyirəm, bu prosesə mütləq şəkildə nəzarət olunmalıdır ki, hansısa market torbaları pulsuz satdığını bildirməsin, yəni rəqabət şəraiti pozulmasın. Buna nəzarət edilməlidir. 
İkinci məsələ odur ki, marketlər tərəfindən istehlakçılara alternativ variantlar təklif olunmalıdır. Bir neçə seçim olmalıdır ki, bəlkə kimsə başqa növ torbadan istifadə etmək istədi. Bunlar çox önəmli detallardır".

 

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı saytımıza danışarkən qeyd etdi ki, verilən qərarın bütün növ polietilen torbaları əhatə etməməsi yanlışdır:

"Polietilen torbaların pulla satılması fikri Azad İstehlakçılar Birliyi tərəfindən hələ 10 il əvvəl təklif edilmişdi. Bu, MDB və dünya təcrübəsidir. Lakin Nazirlik tərəfindən verilən bu qərarda səhv bir məqam var. Çünki bu qərar qalınlığı 15-50 mikron aralığında olan torbaları əhatə edir. Belə çıxır ki, 50 mikrondan yuxarı olan torbalar ekologiyanı çirkləndirmir? Gərək bu qərar bütün qalınlıqda olan torbaları əhatə edəydi. Çünki qalın və üstü yazılı olan torbalar özləri ilə ağır metalları da evimizə gətirir. Biz buna alternativ təkliflər də iraəli sürmüşük. İnsanlar polietilen torbalardan tamamilə imtina edərək zəmbildən istifadəyə keçə bilərlər".

 

 

Qeyd edək ki, bu prosesə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edəcək.