Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na uyğun olaraq emitent banklara və kart məlumatlarının emalı ilə məşğul olan təşkilatlara ödəniş kartları ilə aparılmış şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması, bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatının olması, kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinqin həyata keçirilməsi, kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə daxili prosedur qaydaların olması və bu qaydalarda nəzərdə tutulan minimum müddəalara dair tələblər müəyyən edilib.

Bu barədə Mərkəzi Bankın rəsmi "Tvitter" səhifəsində məlumat verilir.

Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupu çərçivəsində banklarla ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində fəaliyyətin koordinasiyası, baş verən fırıldaqçılıq əməliyyatlarının və bu sahədə mümkün təhdidlərin müzakirəsi, bank sektorunda ümumi preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi əsasda görüşlər keçirməkdədir.

Eyni zamanda, davamlı olaraq müxtəlif əhali qrupları arasında ödəniş kartlarından təhlükəsiz istifadənin təbliğ edilməsi, maliyyə savadlılığının artırılması, rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi və bununla da fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə seminar və təlimlər təşkil olunur.