“Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinə (MTK) valyuta tənzimi qaydalarının tələblərindən birini pozma maddəsilə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və iş hakim Firuzə Kərimovanın icraatına verilib.

MTK-nın barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.