Yay ayları olduğundan bəzi insanlar istirahət məqsədilə bölgələrə tətilə yollanırlar. Həmçinin 2023-2024-cü tədris ili başa çatdığından xüsusən də Bakıdan rayonlara üz tutanların sayı artıb. Bu isə paytaxtda taksi sifarişlərinin sayında müəyyən dərəcədə azalmalara gətirib çıxarıb. Lakin sentyabrdan etibarən insanların yenidən şəhərə qayıtması ilə taksiyə olan tələbatın artacağı istisna edilmir. Tələbatın artması qiymətlərə də təsir göstərəcəkmi?

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev İqtisadiyyat.az-a açıqlamasında hazırda taksi fəaliyyətində islahatların həyata keçirildiyini, bu fəaliyyətlə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinə müəyyən tələblərin qoyulduğunu xatırladıb.

Onun sözlərinə görə, yeni qaydaların qüvvəyə minməsindən sonra, demək olar ki, bu sahədə məşğul olan nəqliyyat vasitələrinin çoxu tələblərə cavab vermədiyindən dövriyyədən kənarda qalıb.

Ekspert söyləyib ki, yaranmış belə vəziyyət də hazırda taksi qıtlığının yaranmasına səbəb olub: “Azərbaycanda taksi sayı digər ölkələrlə, şəhərlərlə müqayisədə qat-qat çoxdur. Bunun da səbəbi bizdə ictimai nəqliyyatın işini doğrultmaması, istənilən xidməti təşkil etməməsidir. Buna görə də insanların çoxu taksiyə yönəlir. Amma ictimai nəqliyyatda da artıq islahatlar gedir. Avtobus zolaqlarının çəkilməsi, infrastrukturun yaradılması, eyni zamanda yeni avtobusların gətirilməsi, ekspres avtobusların təşkili – bütün bunlar ictimai nəqliyyatı stimullaşdıran addımlardır. Belə olan halda həm ictimai nəqliyyat, həm də taksidə aparılan islahatlar müəyyən təlatüm yaradır. Hazırda taksilərin sayının azalması ilə əlaqədar qiymətlərin bir az qalxdığını görürük. Bundan əlavə, taksi sifariş verərkən daha çox gözləmələrin şahidi oluruq. Amma hesab edirəm ki, bütün bunlar taksilərin qiymətində o qədər də artıma gətirib çıxarmayacaq. Çünki artıq bu sahədə rəqabət var. Eyni zamanda fərqli taksi şirkətləri, operatorları, bu işlə məşğul olan fərdi şəxslər var. Onlar nə qədər qiymətləri aşağı etsələr, bir o qədər xidmətlərindən istifadə ediləcək”.

Ekspert taksi qiymətlərində müəyyən edilmiş tarifin olmadığını, qiymətlərin sərbəst şəkildə müəyyən edildiyini deyib. O həmçinin bildirib ki, sentyabrda istər ali, istərsə də orta məktəblər başlayanda sıxlığın artması ilə bağlı olaraq taksiyə tələbatda da artım müşahidə olunacaq: “Hazırkı təlatümün, yəni islahatlarla bağlı baş verənlər, gərginlik, narazılıq və narahatlığın o müddətə qədər səngiyəcəyini düşünürəm. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) taksi fəaliyyəti ilə məşğul olmaq üçün 11 minə qədər nəqliyyat vasitəsi qeydiyyatdan keçib. Sentyabr-oktyabr aylarına kimi, təbii ki, bu rəqəm artacaq. İstər yeni nəqliyyat vasitələrinin gətirilməsi, istərsə də satılaraq tələblərə uyğun nəqliyyat vasitəsinin alınması olsun - bütün bunlar, ehtimal ki, müəyyən qədər ölkədə taksi sayının artımına təsir göstərəcək. Burada təkcə taksi sayı deyil, eləcə də xidmətin keyfiyyətinin yüksəlməsi də əsas faktorlardandır. İnsanların bu günə qədər taksi fəaliyyətindən olan narazılıqları, arzuları, istəkləri nəzərə alınaraq bu tələblər qoyulub. Tələblər təbii ki, xidmət səviyyəsində keyfiyyətin artmasına ciddi kömək göstərəcək. Qiymət artımı, taksi sahəsindəki hazırkı təlatüm, hesab edirəm ki, sentyabr-oktyabr aylarına qədər sakitləşəcək və normal axarına düşəcək”.

 

Sadiq Cavadov