“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer yenidən Ermənistandadır və yenidən İrəvanı tərifləyən paylaşımları ilə diqqəti çəkib. İrəvandan etdiyi sonuncu paylaşımda xanım Pauer Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan iqtisadiyyatının 30, maaşların isə 87 faiz artıdığını bildirib və bunu həmin ölkədə demokratik inqilab ilə əlaqələndirib. Bəs, Ermənistandakı iqtisadi artım sözdə demokrtatiyanın yoxsa sankisyalardan yayınmanın nəticəsində baş tutub?”

İqtisadiyyat.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında bu sual ətrafında paylaşım edib.

Onun sözlərinə görə, rəqəmlər göstərir ki, Ermənistanda iqtisadi artım sözdə demokratiya ilə deyil, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra re-eksport (yenidən ixrac) hesabına mümkün olub. O bildirib ki, sanksiyalardan yayınan Ermənistan son 2 ildə Rusiyaya ixrac və idxalını kəskin artırıb: “Rəqəmlər öz sözünü deyir: Ermənistanda ÜDM artımı: 2020-ci ildə mənfi (-) 7,2 %, 2021-ci ildə 5,7 % (əvvəlki ildəki kəskin azalma ilə əlaqədar), 2022-ci ildə 12,6 %, 2023-cü ildə 8,7 %. Baş nazir Paşinyan hakimiyyətə gələndən, yəni USAİD rəhbərinin qeyd etdiyi 2018-ci ildən sonrakı 3 ildə Ermənistanda ÜDM cəmi 1,2% artıb. Lakin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın ÜDM-i 75,0% artaraq 13,86 milyard dollardan 2023-cü ildə 24,21 milyard dollara yüksəlib.

Bu rəqəmlər haqlı sual yaradır: İnkişafın səbəbi sözdə demokratiyadır, yoxsa sanksiyalardan yayınma?”