"Azpul" MMC bank olmayan kredit təşkilatına (BOKT) cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Gültəkin Əsədovanın icraatına verilib.

BOKT-nin barəsində protokol tərtib olunan maddədə deyilir ki, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Azpul" 2018-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət ilk öncə Bakıda quraşdırdığı, pul paylayan aparatlarla “(Azpulmat”) gündəmə gəlib, vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc verib. Həmin borc 5 gün ərzində 21 manat olmaqla geri qaytarılmalı idi. Geriyə ödənişi vaxtında etmiş şəxslər növbəti mərhələdə 40 manat borc ala bilirdilər. Yəni borc limiti 2 dəfə artırdı və maksimum 1 000 manat ola bilərdi. Bu isə ictimaiyyətin geniş marağına səbəb olub. Amma bu fəaliyyətin hüquqi əsası olmadığından aparatların fəaliyyəti qısa müddətdə dayandırılıb. Bundan sonra kommersiya qurumu nizamnamə kapitalını kəskin artıraraq 300 min manata çatdırıb və BOKT-yə çevrilib.