SOCAR indiyədək Türkiyədə həyata keçirilən layihələr çərçivəsində ( SOCAR Terminal, “Petkim” neft-kimya kompleksi, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla) 16,5 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov deyib.

O bildirib ki, STAR NEZ-in tikintisinə 6,3 mlrd. dollar, saxlama güclərinə yönəldilən investisiyalar 600 mln. dollar təşkil edib. Bundan başqa, SOCAR Konteyner Terminalına 400 mln. dollar, “Petkim”in özəlləşdirilməsinə 2,04 mlrd. dollar və əlavə olaraq hər il təxmini 100 mln. dollar olmaqla ümumilikdə 1 mlrd. dollar investisiya yönəldilib. Bununla yanaşı, 6,5 mlrd. dollar vəsait Trans-Anadolu boru kəmərinin ( TANAP) tikintisinə xərclənib.

Zaur Qəhrəmanov investisiyaların ümumi dəyərini də açıqlayaraq “Qoyulan investisiyalarının ümumi dəyəri nəticədə 19,5 mlrd. dollara çatacağı gözlənilir. SOCAR Türkiyə”nin birbaşa işçilərinin sayı təqribən 5 200 nəfər, subpodratçılarla birlikdə yaradılan məşğuliyyət isə 10000-ni keçir.”-deyə qeyd edib.