Buludlararası və buludlarla yer səthi arasında elektrik boşalmaları nəticəsində baş verən ildırım şimşək və göy gurultusu ilə müşayiət olunur. Uzunluğu bəzən bir neçə kilometrə çatan ildırım zamanı saniyədə 100 min kilometr sürətlə hərəkət edən 200 milyon volta yaxın elektrik cərəyanı meydana gəlir.

İqtisadiyyat.az xəbər verir ki, bu təbiət hadisəsini minimum fəsadlarla ötüşdürmək üçün bir sıra təhlükəsizlik tədbirləri görülməlidir. İldırım adətən ən hündür obyekti vurduğu üçün şimşək çaxanda insan ətrafdakı obyektlərdən hündür olmasın deyə mütləq yerə uzanmalıdır. Ağac altında da daldalanmaq olmaz. Ağaclar hündür olduğuna görə ildırım elə birinci onları vura bilər.

İldırım zamanı ən təhlükəsiz yer qapalı məkanlar olduğu üçün mənzilləri tərk etməmək məsləhət görülür. Qapı və pəncərələr bağlanmalı, elektrik cihaz və avadanlıqları cərəyan mənbəyindən ayrılmalıdır.  Bu müddət ərzində duş qəbul etmək, qab-qacaq və paltar yumaq tövsiyə edilmir. Çünki su yaxşı elektrik keçiricisidir. Belə təhlükə yaranan zaman avtomobildə olduqda mühərriki söndürüb, pəncərələrin şüşələrini qaldırmaq, blutuzlu qulaqcığı və mobil telefonu söndürmək, maşının metal hissələrinə toxunmamaq məsləhət görülür.

Bəzi əlamətlərdən ildırımvurma riskinin olduğunu anlamaq mümkündür. Mütəxəssislərin fikrincə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu ildırım düşmə riskinin olması deməkdir. Belə hallarda "embrion vəziyyəti" alaraq ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Yağışlı havada və ya göy guruldayanda küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən də uzaqda dayanmalıyıq.

Şimşəkli-ildırımlı havada yaş paltar və ayaqqabı ilə gəzmək olmaz. Bu, ildırımvurma təhlükəsini artırır. Açıq ərazilərdə çadır qurmaq, çətir açmaq olmaz, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir. Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və bu kimi vasitələrdən aralı dayanılmalıdır. Belə situasiyalarda insanlar toplu halda dayanmamalı, aralarında ən azı 1,5 metr məsafə saxlamalıdırlar.

İldırımvurma zamanı orqanizmə qısa müddət ərzində çox yüksəkgərginlikli - milyon voltlarla atmosfer elektriki təsir edir ki, bu zaman insan bədənində patoloji dəyişikliklər baş verir. Bu vaxt mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri, görmə və eşitmə qabiliyyətinin pozulması, dəridə ağac budağını xatırladan tünd göy rəngli ləkələrin əmələ gəlməsi müşahidə edilir. Travmadan dərhal sonra bir neçə dəqiqədən tutmuş sutkaya qədər huş itir, hərəki narahatlıq, qıcolmalar, ardınca amneziya, sayıqlama, görmə və eşitmə halüsinasiyaları meydana çıxır. Ağır hallarda karlıq, lallıq və görmənin ağır dərəcəli pozğunluqları olur.

İldırımvurma zamanı ölümün əsas səbəbi ürək qan-damar sisteminin və tənəffüs mərkəzinin fəaliyyətinin dayanmasıdır. Ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün tibbi yardım gələnə qədər ilk növbədə zərərçəkmişə ürək masajı edilməli, süni tənəffüs verilməlidir. İldırım vurmuş adamı torpağa basdırmaq olmaz. Belə ki, bu zaman torpaq döş qəfəsini sıxmaqla tənəffüsün keçirilməsini pozur, orqanizmi soyudur və qan dövranını çətinləşdirir. Bu kimi hallarla rastlaşanlar həkimlərin məsləhətlərinə riayət etməlidirlər.