Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

İqtisadiyyat.az Hacı Şahinin dosyesini təqdim edir:

Şahin Hüseyn oğlu Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsində oxuyub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib və bu günə qədər quruma rəhbərlik edib. 

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Heç bir siyasi partiyaya üzv deyildi.

Azərbaycan, ərəb, fars və rus dillərini mükəmməl bilirdi.

Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

Ailəli idi. İki qızı və iki oğlu var.