Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələri “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Dini ekstremizm (dini ekstremist fəaliyyət) –dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi, milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi, şəxsin hər hansı dinə etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi, dini ekstremizmin maliyyələşdirilməsindən ibarət fəaliyyətdir.

Dini radikalizm – hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışdır.

Dini fanatizm – dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsidir.   

Dini ekstremizmə qarşı mübarizə Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsaslarının, habelə ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsi məqsədləri ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci (din və dövlət) maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.  

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 167-ci (dini ayinləri icra etməyə mane olma), 167-1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə), 167-2-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma), 167-3-cü (dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə), 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə), 168-1-ci (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddələri dini ekstremist fəaliyyətə görə cinayət məsuliyyətini və cəza hədlərini müəyyən edir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 515-ci (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması), 516-cı (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddələri dini ekstremist fəaliyyətə görə inzibati məsuliyyəti və cəza hədlərini müəyyən edir.

Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər.

Azərbaycan Respublikası dünyəvi, demokratik dövlətdir. Xalq milli ənənələrini, milli-mənəvi dəyərləri yaşatmağa çalışır, multikultural dəyərlərə böyük hörmətlə yanaşır. Azərbaycanda heç bir din nümayəndəsinin başqaları ilə problemi yoxdur. Azərbaycan tolerant ölkə kimi tanınıb. Hər zaman bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərib. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi Azərbaycanı da narahat edir. Radikal millətçi ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri, irqi, dini ayrı-seçkilik və etnik təmizləmə siyasətinin ayrılmaz tərkib hissəsi olan qətliamların sistematik və planlı xarakter daşıması tutarlı faktlarla kifayət qədər sübuta yetirilmişdir. Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dini dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi. Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə və dini ekstremizm siyasətinə məruz qaldı, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrildi.

Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. 


Füzuli rayon prokuroru, ədliyyə müşaviri
Elnur Rüstəmov