Alimlər müəyyən ediblər ki, 2022-2050-ci illər arasında dünyada gözlənilən ömür uzunluğu 4,5 il artacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat "The Lancet" jurnalında nəşr olunub.

Qadınların ömür uzunluğunun 76,2 yaşdan 80,5 yaşa, kişilərin isə 71,1 yaşdan 76 yaşa qədər artacağı təxmin edilir.

204 ölkədə risk faktorlarını araşdıran Qlobal Xəstəlik Yükü Araşdırmasının nəticələrinə əsaslanan yeni araşdırma, ən yüksək artımın ömrün ən aşağı olduğu yerlərdə müşahidə ediləcəyini bildirir. Bu proqnoza görə, ölkələr arasında gözlənilən ömür fərqi azalacaq.

Alimlər bildirirlər ki, bu qlobal artım daha çox ürək-damar xəstəliklərinin, COVID-19 və bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasına və təsirinin azaldılmasına yönəlmiş ictimai səhiyyə təcrübələri ilə bağlıdır. Yeni araşdırmaya görə, gözlənilən ömür uzunluğu artsa da, bu illər sağlam şəkildə keçməyəcək.

Qlobal sağlam ömür uzunluğu 2022-ci ildən 2050-ci ilə qədər cəmi 2,6 il artaraq 64,8 yaşdan 67,4 yaşa çatacaq. Bu artım gözlənilən ömür uzunluğunun demək olar ki, yarısına uyğundur.

Bildirilib ki, ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklər və onlarla bağlı risk faktorları gələcək nəslin xəstəlik yükünə daha çox təsir edəcək.

 

Gözəl Həşimova