“Hacı Şahin bizim cəmiyyətdə kifayət qədər tanınmış, nüfuzu olan din xadimlərindər biridir. Gənclərimizin milli mənəvi dəyərlərə sadiq yetişməsində Hacı Şahinin səyləri olub. Buna görə də, Hacı Şahin cəmiyyətdə rəğbət qazanıb”. 

İqtisadiyyat.az bildirir ki, bu sözləri tanınmış ilahiyyatçı Hacı Şahinin ölümü ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O həmçinin qeyd edib ki, Hacı Şahin milli dəyərlərə və dövlətçiliyə sadiq din xadimi idi:

“Onun cəmiyyəti narahat edən məsələlərdə bir vətəndaş kimi mövqeyini ortaya qoyduğunu görürdük. Eyni zamanda Azərbaycanda dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyən din xadimlərindən biri idi. Öz ətrafında müəyyən mötədil kəsimi toplaya bilmişdi və onların azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün addımlar atırdı.

 

 

Ölüm haqdır, hamımız bilirik. Hacı Şahinə uca Allahdan rəhmət diləyirik. Allah yaxınlarına səbr və təmkin versin. Bu gündən sonra gələcəyə baxmağı bacarmalıyıq. Hacı Şahini sevənlər, dindarlar onun yolunu davam etdirmək üçün səy göstərməlidilər”.

Qeyd edək ki, Hacı Şahin bu gün səhər saatlarında dünyasını dəyişib. Onunla vida mərasimi Meşədi Dadaş məscidində keçirilir.