Vətəndaşlar sosial şəbəkələrdə yaxşı tanımadıqları, yeni tanış olduğu şəxsə öz bank kartını göndərməkdən, hər hansı əşyanın alınması zamanı beh formasında vəsait ödənilməsindən və şübhəli onlayn ödəmələrin edilməsindən çəkinməlidirlər.

Bunu fins.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O, bank kartlarından fırıldaqçılıqla vəsaitlərin əldə olunması və talanması ilə bağlı vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinə edilən müraciətlərə toxunaraq bildirib ki, kart fırıldaqçılığı ilə əlaqədar vətəndaşlar tərəfindən edilən müraciətlərin hər biri nəzarətə götürülür və heç bir müraciətə etinasız yanaşılmır.

E. Hacıyev vətəndaşların bankomatdan pul çıxaran zaman yaxud onlayn ödəmə edən zaman diqqətli olmalarının əsas faktor olduğunu vurğulayaraq “Bizim əsas tövsiyəmiz xüsusilə təqaüd yaşında olan vətəndaşlar tanımadığı şəxslərin köməyindən istifadə edən zaman rastlaşdıqları talama faktları ilə bağlı diqqətli və məsuliyyətli olaraq, kənar şəxslərə öz bank kartlarının rekvizitlərini təqdim etməsinlər”, - deyə qeyd edib.

O eyni zamanda bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yaxşı tanımadıqları yeni tanış olduğu şəxsə öz bank kartını göndərməkdən, hər hansı əşyanın alınması zamanı beh formasında vəsait ödənilməsindən və şübhəli onlayn ödəmələrin edilməsindən çəkinməlidirlər.