"Çörək və un məmulatlarının qiymətində artım olmayacaq".

Bunu İqtisadiyyat.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, qiymətlər arta bilməz, əksinə dünya bazarında fevral ayında taxıl məhsullarının qiyməti 5% aşağı düşüb: "Bu, çox ciddi rəqəmdir. Bu o deməkdir ki, əslində buğdanın qiyməti də aşağı düşür və bu, bizim un istehsalçılarımıza bir siqnaldır ki, onlar istehsal etdiyi unun qiymətini artırmasınlar".

Ekspert deyir ki, unun qiyməti artmasa, çörəyin qiyməti arta bilməz: "Çörək və un məmulatlarının qiymətində artım olmayacaq. Fevral ayında da dövlət statistika komitəsi nə azalma, nə də artım qeydə alıb. Ona görə də mart ayında da bu məhsulun qiymətində artım olacağına inanmıram. Amma hər hansı fövqəl hadisələr baş verərsə, məsələn, buğda idxalında daşınmada problem yaranarsa, yaxud Ukrayna-Rusiya arasında gedən müharibənin nəticələri başqa istiqamət alarsa, bu, sözsüz ki, qiymətlərə təsirsiz ötüşməyəcək. Amma ümumilikdə buğdanın qiymətində hər hansı bir ciddi artım gözlənilmir. Hər halda Azərbaycan Rusiyadan daha ucuz buğda idxal etdiyi üçün bir az da qiymətləri endirə bilər”.

Xatırladaq ki, Azərbaycanın buğda idxalı 50%-dək azalıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycana 30,8 milyon ABŞ dolları dəyərində 134,8 min ton buğda idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon dollar və ya 62,3%, həcmi isə 49,6 % azdır. 

Sadiq Cavadov