Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən aşağıda sadalanan sənədlərdən biri (müvafiq olan) həmin fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.
- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Eyni zamanda, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır. Buna əsasən güzəşt hüququ sənədlərin təqdim edildiyi tarixdən əvvəlki dövrə aid olan gəlirlərə münasibətdə şamil edilmir.

Əsaslandırma: Vergi Məcəlləsinin 102.2.5-ci, 102.8-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci və 2-ci bəndləri