"Problemli kreditlərin həcmi getdikcə daha da azalacaq". 

Bunu İqtisadiyyat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

O xatırladıb ki, banklar kredit verərkən vahid sistemə baxış keçirirlər. Əgər sistemdə vətəndaşın gecikməsi olubsa və ya adında problemli kredit mövcuddursa, bu halda kredit verilməsindən imtina olunur:

"Banklar ölkə iqtisadiyyatının qan-damar sistemi hesab olunur və hər hansısa tıxanma olarsa, bütün iqtisadiyyata təsir göstərər. Ona görə də problemli kreditlərin mövcudluğu arzuolunan hal deyil. Bu vəziyyət banklarla yanaşı, son nəticədə vətəndaşların da maddi rifahına zərbə vurur. Banklar öz risklərini qorumalıdır. Ona görə də risk təhlükəsizliyi siyasəti hər bir bankın portfelinə uyğun tənzimlənir". 

Problemli kreditlərin həcminin azalmasına gəlincə, iqtisadçı bunun əsas səbəbini son dövrlər Mərkəzi Bankın banklara yönəlik tələbkarlığının daha da artması ilə əlaqələndirib: "Yəni Mərkəzi Bank bankların fəaliyyətinə müdaxilə etmədən müəyyən yeniliklər və islahatlar tətbiq olunub. Bu isə bankların fəaliyyətinə müsbət təsir göstərir. Mərkəzi Bankın, qiymətləndirmə şirkətlərinin və dövlətin müvafiq strukturlarının birgə fəaliyyəti problemli kreditlərin sıradan çıxarılmasına və sağlamlaşdırılmasına yol açacaq" .

Qeyd edək ki, bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,6% azalaraq 454.1 milyon manata enib.

Gülşən Şərif