Biologiya sahəsində tanınmış alim Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov vəfat edib.

 İqtisadiyyat.az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsmayıl Zülfüqarov 16 yanvar 1959-cu il tarixində İsmayıllı rayonunun Talıstan kəndində ziyalı ailəsində anadan olub.

2008-ci ildən 2020-ci ilə qədər Cənubi Koreya Respublikasının Pusan Dövlət Universitetində tədqiqatçı-professor kimi fəaliyyət göstərib. Eyni zamanda Rusiyanın Yakutsk vilayətində yerləşən Şimal-Şərq Federal Universitetində mühazirələr oxuyub. Cənubi Koreyanın Pusan Milli Universitetində 17 il tədqiqatçı-professor olub.

İsmayıl Zülfüqarov 2016-cı ildən ömrünün sonuna qədər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasına rəhbərlik edib. O, institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının Seminar şurasının üzvü kimi fəaliyyət göstərib, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin sədr müavini olub.

İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 fəlsəfə, 2 magistr dissertasiyası uğurla müdafiə edilib. 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.