Bir neçə gün öncə Türkiyə Böyük Milli Məclisi beynəlxalq təbii qaz habının fəaliyyəti üçün qanunvericiliyə tələb olunan dəyişikliklərlə bağlı qərarlar qəbul edib. Həmin qaz habında Azərbaycan qazının nəqli imkanları nəzərdə tutulub.

Azərbaycan qazı Türkiyə ilə yanaşı daha geniş anlamda Aİ-na və Mərkəzi - Şərqi Avropaya daha çox nəql ediləcək. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a bildirib:

“Bu növbəti illərdə mavi yanacağın nəqlinə imkan verməklə yanaşı Azərbaycanın dövlət gəlirlərinin artması baxımdan vacib mənbələrdən birinə çevriləcək. Çünki Azərbaycan 2023-cü ildən etibarən Aİ-na və regiona mavi qazın həcmində artımlara nail ola biləcək. Növbəti 4 ildə Azərbaycanın Aİ –nə nəql etdiyi mavi qazın həcmi 2 dəfə artırılacaq”.

Qərar sayəsində Türkiyə neft-qaz şirkəti - Botaş və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Habın açılışı ilə qiymətlər də azalacaq ki, bu da Avropa üçün vacibdir. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, ölkəsi qazın istinad dəyərini təyin edən bazarlardan birinə çevriləcək. Burada Azərbaycanın rolu böyükdür. Türkiyə qaz hab üzrə Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.

Xatırladaq ki, Türkiyənin ildə təxminən 100 milyard kubmetr qaz almaq imkanı var, bunun 60 milyard kubmetrini özü istehlak edir, 40 milyardını isə qonşu ölkələrə sata bilər.

Layihəyə gəldikdə isə ötən il Rusiya “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyası ilə çıxış edib. Bu məqsədlə Türkiyədə daha bir boru kəməri sistemi qurulur və qovşaq yaradılır. Həmin qovşaq vasitəsilə üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə Azərbaycan qazı da nəql olunacaq.