Prezident İlham Əliyev, "Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi" ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət-biznes) elektron reyestri Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində təşkil edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb. 

Fərmanda deyilir:

- “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına uyğun olaraq “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, “G2B” reyestrinə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini Elektron Reyestr vasitəsilə həyata keçirsin.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

- bu Fərmanın 2.2-ci bəndinə əsasən həyata keçirilən qiymətləndirmənin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Elektron Reyestr vasitəsilə “G2B” reyestrinə daxil etdiyi hər bir xidmətin “KOB indeksi”ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla qiymətləndirilməsini təmin etsin:

-xidmətin mikro, kiçik və orta biznesin (KOB-un) inkişafına təsiri;

- KOB-lara göstərilən xidmətin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri;

-bu Fərmanın 3.1-ci bəndinə uyğun olaraq həyata keçirilən qiymətləndirmənin nəticələri barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın, bələdiyyələrə isə tövsiyə edilsin ki:

-“G2B” reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsindən və “Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 9.1-ci bəndindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

-“G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Agentliyə kömək göstərilməsini, onun sorğularının operativ qaydada və hərtərəfli cavablandırılmasını təmin etsinlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

-Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

-mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təklifləri əsasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi qaydasını beş ay müddətində təsdiq etsin;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.