Banqladeşdə kütləvi tələbə etirazları və onların nəticələri, o cümlədən komendant saatları və internetin bağlanması ölkə iqtisadiyyatına ən azı 10 milyard dollara başa gəlib.

İqtisadiyyat.az bu barədə “The Daily Star”a istinadən xəbər verir.

Məlumata görə, dövlət aktivlərini bərpa etmək üçün hökumət vergi ödəyicilərinin pullarından istifadə edəcək və gələcəkdə iqtisadiyyata böyük ziyan vuracaq inkişaf layihələrini dayandırmalı olacaq.

İnternetin kəsilməsinin Banqladeşin ölkə ixracatının təxminən 85%-ni təşkil edən tikiş sənayesinə də təsir etdiyi güman edilir.

Qeyd edək ki, etirazçılar iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində küçələrə çıxaraq 1971-ci ildə müstəqillik müharibəsində iştirak edənlərin qohumları üçün iş kvotalarına son qoyulmasını tələb ediblər. Tədricən respublikada vəziyyət gərginləşib, etirazlar iğtişaşlara çevrilib, 170-dən çox insan həlak olub.

 

Gözəl Həşimova