Azərbaycanda qanunların qəbul olunması müxtəlif mərhələlərdən keçir. Qanunlar hazırlandıqdan sonra qanunvericilik orqanda müzakirəyə çıxarılır. Amma bundan əvvəl ictimai müzakirələr həyata keçirilir. Misal üçün vergi ilə bağlı hər hansı dəyişiklik, əlavə və s. olarsa, bu zaman ictimai müzakirələr aparılır və bu sahənin mütəxəssislərinin, peşəkarlarının fikirlərinə, tövsiyələrinə, təklif və iradlarına yer verilir. 2021-ci ildə kağızın, kitabın idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməzdən əvvəl bu, ictimai müzakirəyə çıxarılmışdı. Həmin vaxt nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları qanun layihəsi ətrafında deputatlarla birlikdə fikir mübadiləsi aparıb, təklif və rəylərini veriblər.

Məlumat üçün bildirək ki, bu il Rəqabət Məcəlləsi haqqında Qanun təsdiqlənib. Qanun layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanıb. Layihə parlamentin plenar və komitə iclaslarında müzakirə olunmazdan əvvəl ictimai dinləməyə çıxarılıb. Həmin vaxt dinləmədə deputata və müvafiq dövlət qurumlarının rəhbər şəxsləri ilə yanaşı, eyni zamanda, biznes nümayəndələri, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin təmsilçiləri, iqtisadçı-ekspertlər və digər maraqlı tərəflər iştirak ediblər. İctimai dinləmədə Məcəllənin layihəsinə dair geniş müzakirələr aparılıb.

Vəkillər Kollegiyasının üzvü Nahid Tağıyev İqtisadiyyat.az-a açıqlamasında deyir ki,  “İctimai iştirakçılıq haqqında” Qanunun tələbinə əsasən, istənilən qanun layihəsi parlamentə çıxarılırsa, bu zaman ictimai dinləmə də həyata keçirilir. 

Onun sözlərinə görə, Milli Məclis ilk olaraq həmin qanun layihəsini rəsmi internet resursunda yerləşdirir ki, ictimaiyyət həmin layihə ilə tanış olsun və fikirlərini bildirsinlər: “Bundan başqa, orada həmçinin ictimai müzakirənin keçiriləcəyi gün də öz əksini tapır. Həmin gün parlamentin müvafiq komitəsi tərəfindən ictimaiyyət nümayındələıri qəbul edilir. Onların iştirakı ilə qanun layihəsi müzakirə olunur, rəy və təklifləri dinlənilir. Onların təklif və rəyləri nəzərə alınırsa, bu da qanun layihəsindəki dəyişiklikdə öz əksini tapır. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hansısa normativ akt hazırlanırsa, həmin aktın layihəsi də ictimai müzakirəyə çıxarılır. Bu, qanunvericiliyin tələbidir və bunun pozulmasına görə məsuliyyət tədbirləri də nəzərdə tutulub”.

Qeyd edək ki, Konstitusiyanın 42-ci maddəsi normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının tərtib edilməsi qaydasını özündə ehtiva edir. Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər. Normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər. Normativ hüquqi aktların layihələrinin hazırlanması planları tərtib edilərkən normayaratma fəaliyyətinin subyektlərinin, digər maraqlı orqanların, elmi təşkilatların, habelə digər fiziki və hüquqi şəxslərin təklifləri nəzərə alına bilər.