Azərbaycan Tibb Universitetinin həkimləri daha bir qadına analıq sevincini bəxş ediblər. Uşaq arzusu ilə yaşayan qadın dünyaya əkiz övlad – bir qız, bir oğlan gətirib.

İyirmi altı yaşlı qadın birincili sonsuzluq şikayəti ilə Azərbaycan Tibb Universitetinə müraciət edib. Universitetin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin sayəsində qadın analıq sevincini yaşayıb.

İqtisadiyyat.Az qeyd edir ki,klinikanın I mamalıq ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi mama ginekoloq-endokrinoloq Natəvan Axundova AZƏRTAC-a bildirib ki, müraciət edən qadının anamnestik məlumatları araşdırılıb və problemlər üzə çıxıb: “Müayinə zamanı yumurtalıqların polikistoz sindromuna xas hormonal və sonoqrafik dəyişikliklər, uşaqlığın hipoplaziyası, yəni kiçik olması aşkarlanıb. Yumurtalıqların fəaliyyətinin stimulyasiyasından, yəni ovulyasiyanın induksiyasından sonra qadın hamilə qalıb və hamiləliyin beşinci həftəsində aparılmış ultrasəs müayinəsi zamanı uşaqlıqda ayrı-ayrı yumurtalardan olan 3 embrion aşkarlanıb. Çoxdöllü hamiləliyin ana və döl üçün fəsadlarını, ananın anamnestik məlumatlarını nəzərə alaraq hamiləliyin 12-ci həftəsində döllərdən biri reduksiya olunub.

Hamiləlik dinamik müşahidə altında 36-cı həftəyə qədər çatdırılsa da, döllərdən birində dörd həftəlik bətndaxili inkişaf ləngiməsi və dopplerdə dəyişiklik aşkarlandığından Qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Nəticədə çəkiləri 2 kiloqram 370 qram və 1 kiloqram 620 qram olan əkiz körpələr dünyaya gəliblər. Ana və əkizlər evə yazılıblar”.