“Bu gün Bakıda təşkil edilmiş Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almalıyıq ki, Qoşulmama Hərəkatı 1961-ci ildə yaranmasına baxmayaraq, yalnız ilk dövrlərdə müəyyən aktivliyi olmuşdu. Soyuq müharibədən sonra ciddi əhəmiyyətinin olmadığını görmüşdük. Ta ki, 2019-cu ildə Azərbaycanın bu Hərakata rəhbərliyinə qədər”.  

İqtisadiyyat.az bildirir ki, bunu saytımıza açıqlamasında politoloq Samir Hümbətov deyib. Bu gün Bakıda keçirilən Zirvə toplantısını şərh edən politoloq Hərəkatın beynəlxalq önəmini vurğulayıb:

“Azərbaycandan əvvəl Venesuela, daha əvvəl İran və Kuba bu Hərəkata rəhbərlik edib. Lakin o ölkələrin Hərakatda ciddi təsir imkanları olmamışdı. Azərbaycanın Hərəkata rəhbərlik etdiyi dövrdə böyük bir fəaliyyət konsepsiyası qəbul edilib və həyata keçirilib. Hərəkatın gənclər şəbəkəsi və parlament təşkilatı yaradılıb.
Prezident İlham Əliyevin çıxışında BMT-də islahatların aparılması ilə bağlı məsələyə toxunması, həmçinin post-pandemiya və COVİD-19 ilə bağlı məsələlər Hərəkatın gələcək fəaliyyət planına daxil edilməli olan detallardandır”.

 

 

Samir Hümbətov həmçinin qeyd etdi ki, əgər gələcəkdə bu Hərəkat təşkilata çevrilsə, qlobal siyasətdə təsir imkanları olacaq: 

“Hərəkatda 120 dövlət var. Bunların içində böyük dövlətlər də var, üçüncü dünya dövlətləri də. Afrika və Asiya ölkələri də mövcuddur. Azərbaycan tərəfindən bu platformanın belə yüksəkdə tutulması gələcəkdə Hərəkatın bir təşkilata çevrilməsi perspektivlərini artırır. Bir neçə ölkə prezdentlərinin bu günki görüşdə iştirak etməsi göstərir ki, Azərbaycan bu Hərəkatın yaxın gələcəkdə təşkilata çevrilməsi üçün alt bazanı formalaşdırmağı qarşısına hədəf qoyub. 

Üzv ölkələrin də Azərbaycana verdiyi dəstək imkan yaradır ki, Qoşulmama Hərəkatı yaxın gələcəkdə böyük bir təşkilata çevrilsin. Nəzərə alaq ki, əgər belə olsa, bu təşkilat BMT-dən sonra ikinci böyük təşkilat olacaq. Bunun da beynəlxalq siyasi proseslərə ciddi təsiri gözləniləndir”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az