Bu vaxta qədər azad edilmiş ərazilərdə reallaşdırılması nəzərdə tutulan 1 000-dən artıq sahibkarlıq layihələri, biznes planları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, dövlətin bu ərazilərdə yaratdığı imkanlardan həm yerli, həm də xarici sahibkarlar geniş şəkildə istifadə edəcək: "Hazırda həmin layihələrin qiymətləndirilməsi aparılır. Ağdam Sənaye Parkı, Araz vadisi İqtisadi Zonası və digər aqroparklar bu ərazidə sahibkarların daha rahat şəkildə sərmayə yatırmasına yaradılmış imkandır. İnanırıq ki, həm yerli, həm də xarici sahibkarlar yaradılmış bu fürsətdən istifadə edərək mümkün qədər qısa müddətdə bərpa-quruculuq işlərinə daha yaxından cəlb olunacaqlar".