Azərbaycanda alternativ enerji sahəsində ümumi dəyəri 2,3 milyard dollar olan bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə investorlar cəlb olunub. Layihələrin sırasına Sabirabad rayonunda bioyanacaq (yanacaq qranulu) istehsalı müəssisəsi, Pirallahı rayonunda külək elektrik stansiyalarının tikintisi, Samux rayonunda aqroenergetika kompleksi və digərləri daxildir.

Planlaşdırılan layihələrdən ən irisi Pirallahıda dəyəri 800 və 408,9 milyon dollar olan iki külək elektrik stansiyası, həmçinin Xızı rayonunda dəyəri 377,7 milyon dollar olan külək stansiyasının tikintisidir. Görəsən, elektrikdən əlavə digər enerji mənbələrindən istifadə Azərbaycan üçün əlverişli olacaqmı? İqtisadçı ekspert Məhəmməd Talıblı mövzu ilə əlaqədar İqtisadiyyat.az saytına münasibət bildirib:

'Alternativ enerji mənbələri üzrə sərmayə axınını təşviq edilməlidir. Bu gün dünyada “yaşıl inkişaf” və ya “yaşıl iqtisadiyyat” anlayışı sürətlə genişlənməkdədir. Bəzi ölkələr vardır ki, onlarda həm təbii resurslar məhduddur, həm də alternativ enerji üçün coğrafi quruluş enerjiyə çıxış imkanlarını çətinləşdirir. Lakin təbii resursla üz-üzə qalan Avropa Birliyi ölkələri bərpa olunan enerji mənbələri üzrə daha çox çalışırlar. Müxtəlif layihələr həyata keçirir, texnoloji inkişafın daha da gəlişməsi üçün çeşidli tədbirlər gerçəkləşdirirlər. Əgər Avropa Birliyi ölkələri 2011-ci ildə alternativ enerji mənbələrinin istifadəsi üzrə 13% təşkil edirdisə, 2020-ci ildə bu rəqəmin 20%-ə çatdırmasını hədəfləyir. Avropa Birliyi ölkələrindən fərqli olaraq ölkəmizin bəxti hər iki amil üzrə çox üstün mövqedədir. Azərbaycanın bu baxımdan bəxti nəinki gətirib, mövcud tələbatdan da bu resurslar daha çoxdur. Yəni, ölkəmizdə alternativ enerji mənbələrinin potensialı həddən artıq çoxdur. AB ölkələri ilə müqayisədə bizim üçün bu sahə prioritet deyil. Bu sahəyə xüsusi investisiyanın yönəldildiyi də məlum deyil. Lakin bu sahədə doğrudan da potensial böyükdür. Günəş, külək və hidroenerji potensialını sürətlə hərəkətə gətirmək lazımdır. Rəsmi açıqlamalara görə Azərbaycanda 2010-2015-ci illər ərzində dövlət tərəfindən quraşdıırlmış güclərin mənbələr üzrə toplam payı 259 Mwt olmuşdur. Hidroenerji toplam enerjinin 48%, külək enerjisi 24%, günəş enerjisi 13% və biokütlə isə 15% təşkil etmişdir. Azərbaycan 2020-ci ilə kimi günəş-istilik 59 faizə yüksəldilməsi planlaşdıırlır. Lakin bu planlaşmalar içərisində üstünlük verməli olduğumuz sahələrdə vardır. Fikrimcə, bu bərpa olunan enerji sahəsində irəliləyişə və planlaşdıırlan hədəflərə nail olmaq üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. Xüsusilə bu sahəyə xarici sərmayənin axını təmin etməklə texnoloji və innovatik idarəetməni təşviq etmək, dövlət büdcəsindən bu sahəni subsidiyalaşdırmalı və layihələr üzrə proqramların gerçəkləşdirilməsini təmin etməli, “yaşıl tarif” metodunu yanaşmalara daxil etməli və bu kimi digər çeşidli addımların atılması vacibdir '.

Mehman Nəbiyev