Avropa Birliyi ölkələri Məhsa Eminin ölümündən sonra İranda keçirilən nümayişlərə qarşı müdaxilədə rol oynadıqları üçün 18 iranlı şəxs və 19 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.


İqtisadiyyat.az xəbər verir ki, Avropa Şurasından verilən açıqlamada sanksiyaların İranda insan haqları pozuntularına görə tətbiq ediləcəyi bildirilib.

Sanksiyaya məruz qalanlar arasında İranın gənclər və idman naziri Seyid Həmid Hazaveh Seccadi, bəzi müavinlər, bəzi əyalətlərin qubernatorları, dövlət mediasının əməkdaşları və İran İnqilab Keşikçiləri Ordusunun bəzi yüksək vəzifəli şəxsləri də var.

Siyahıya İran İnqilab Keşikçiləri Ordusunun ölkənin bəzi bölgələrindəki bölmələri, İran Xüsusi Polis Qüvvələri və təhlükəsizlik xidmətləri göstərən bəzi şirkətlər də daxildir.

Son sanksiyalarla Aİ-nin məhdudlaşdırıcı tədbirlər həyata keçirdiyi iranlıların sayı 164-ə, təşkilatların sayı isə 31-ə yüksəlib.

Sanksiyalar Aİ-yə səyahət qadağası, aktivlərin dondurulması və bu şəxslər və təşkilatların maliyyələşdirilməsinə qadağadan ibarətdir.

Bundan əlavə, ictimaiyyətə təzyiq vasitəsi kimi istifadə oluna biləcək bəzi materialların və izləmə cihazlarının İrana satışı qadağan edilib.