Qarabağ bölgəsində toxumçuların istehsal etdikləri toxum materialının keyfiyyətli və vaxtında emal edilərək əkinə hazırlanması məqsədilə Ağcabədidə Dövlət Toxum Fondunun emal müəssisəsi inşa edilir.

Azərtac-ın bölgə müxbiri xəbər verir ki, Hüsülü kəndi ərazisində inşa edilən dənli bitkilərin emalı zavodu üçün 1,1 hektar ərazi ayrılıb. Burada taxıl təmizləmə bloku, ikimərtəbəli inzibati bina, nəzarət buraxılış məntəqəsi, tərəzi otağı, anbar, içməli və yanğın əlehinə su anbarları və sair yaradılır. Zavodun emal bölməsində 5 ədəd toxum təmizləyici dəzgah quraşdırılacaq. Sonuncu dəzgahdan təmiz halda çıxan toxum dərmanlanaraq kisələrə doldurulacaq.

Saatda 5 ton toxum emal etmək gücünə malik müəssisənin inşasının növbəti taxıl səpininə qədər başa çatdırılması nəzərdə tutulur. Zavodun fəaliyyətə başlaması Qarabağ bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.