"Qlobal təhlükəsizlik vəziyyəti çətin göründüyü qədər "Helsinki ruhu"nun dirçəldilməsini tələb edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Vatikanın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr Departamentinin Çoxtərəfli Sektor katibinin müavini, Monsenyor Daniel Paço ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

"Biz iştirakçı ölkələrin, ilk növbədə Ukraynanın, eləcə də dünyanın digər dövlətlərinin çətin günlər keçirdiyi bir vaxtda toplaşmışıq. Bu şərtlər altında, nə qədər çətin görünsə də, "Helsinki ruhu"na qayıtmaq bizim üçün həyati əhəmiyyət kəsb edir", - diplomat qeyd edib.

"Konsensusa nail olmaq üçün ölkələrin mövqelərinin dinlənilməsi, onların narahatlıqlarının nəzərə alınması və kompromis tapılması tələb olunur. Bu, uzun müddət çəkə və bəzən qeyri-mümkün görünə bilər, lakin konsensus əldə edildikdən sonra dövlətlər problem və çətinlikləri həll etmək üçün dərhal birgə tədbirlər görəcəklər. ATƏT bunu daha davamlı edəcək", - Paço bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk dəfələrlə hazırda bir çox fərqli münaqişələrdən ibarət üçüncü dünya müharibəsinin getdiyini bildirib və onların həllinə çağırıb.