İqlim dəyişikliyinin təsirlərinin artdığı 2011-2020-ci illər tarixdə "ən isti 10 il" olaraq qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) bu illərdə iqlim dəyişikliyi və bunun nəticəsində baş vermiş ekstremal təbii hadisələr haqqında hesabatında deyilir.

Məlumata görə, 2011-2020-ci illər arasında iqlim dəyişikliyinin təsirləri sürətlə artıb.

Hesabatda 2011-2020-ci illər üçün qlobal orta temperaturun 1850-1900-cü illərin orta göstəricisindən 1,10 dərəcə yüksək olduğu qeyd edilib. Bu dövrdə ən isti iki il isə 2016 və 2020-ci illərdir.

İstixana qazlarının davamlı artmasının quruda və okeanlarda temperaturun rekord həddə yüksəlməsinə, eləcə də buzların əriməsi nəticəsində dəniz səviyyəsinin kəskin artmasına səbəb olduğu vurğulanıb.

Bildirilib ki, bu illərdə dəniz səviyyəsi hər il 4,5 millimetr yüksəldiyi halda, 2001-2010-cu illərdə bu göstərici 2,9 millimetr olaraq qeydə alınıb.

Məlumata görə, buzlaqlar ildə təxminən 1 metr nazikləşir. Bu isə görünməmiş itkidir və milyonlarla insanın su ehtiyatlarına uzunmüddətli təsir göstərir. Hesabatda Qrenlandiya və Antarktidanın bu illər arasında 38% daha çox buz itirdiyi vurğulanıb.

Qeyd edilib ki, 1990-cı illərdən bəri hər onillik əvvəlkindən daha isti keçib.

 

Gözəl Həşimova