Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq gücü 135 MVt olacaq ən iri külək enerjisi stansiyası Xızı rayonunun Sitalçay qəsəbəsinin 7,5 km cənub-qərbində tikiləcək.
AERA-dan verilən məlumata görə, 700 hektar ərazidə yerləşəcək külək enerjisi stansiyasının (41 turbin×3,3 MVt) illik istehsal edilməli olan enerjinin həcmi 414,8 mln. KVt-saatdır.
Qeyd olunan 8 layihə üzrə ümumi gücündən 2 825 MVt-ı günəş, 442,2 MVt-ı isə külək elektrik stansiyaların (3-ü günəş, 5-i isə külək elektrik stansiyası) payına düşəcək.
Bundan başqa, ölkə ərazisində daha üç (Bakının Qaradağ rayonunda – red.) külək enerjisi stansiyasının tikintisi də planlaşdırılır. Onlardan biri Qızıldaş qəsəbəsinin 4,6 km şimal-qərbində 875 hektar ərazisində (gücü 105 MVt – 35 turbin×3 MVt, illik istehsalat – 313,67 mln. kVt-saat), başqa ikisi isə Pirkəşkül qəsəbəsindən 3 km şimalda yerləşən 661 hektar ərazidə (gücü 78 MVt – 26 turbin×3 MVt, illik istehsalat – 225 mln. kVt-saat) və Səngəçal qəsəbəsinin 9 km şimal-qərbində (gücü 55,2 MVt – 16 turbin×3,45 MVt, illik istehsalat – 198 mln. kVt-saat) tikiləcək.
Qeyd edək ki, Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrin ümumi gücü 3 267,5 MVt təşkil edir. Layihələr üzrə ilk hərracın keçirilməsi 2020-ci ilin birinci yarısında planlaşdırılır.