Diplomatik münasibətlərin kəsilməsindən 10 il sonra Türkiyəyə təyin edilmiş Misir səfiri Əmr Süleyman Abdel Magid Əl Həmami etimadnaməsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.

Rəsmi mərasim Prezident Administrasiyasında baş tutub.

Qeyd edək ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bundan sonra hər iki ölkə səfirlərini geri çağırıb. 2021-ci ilin martında Türkiyənin o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik müstəvidə təmasların bərpa olunduğunu açıqlamışdı. 2022-ci ilin noyabrında Qətərdə keçirilən dünya çempionatının açılış mərasimində Misir və Türkiyə prezidentləri arasında qısa görüş baş tutub və bundan sonra münasibətlərdə ciddi istiləşmə müşahidə olunub. Fevralın sonunda Misirin xarici işlər naziri Samih Şükrü Türkiyənin cənubunda zəlzələdən zərər çəkmiş Adana şəhərinə səfər edib.

İyulun 4-də ölkələr diplomatik münasibətləri tam bərpa edib, Ankara və Qahirəyə səfirlər təyin ediblər.