"Beynəlxalq ictimaiyyət Ukraynadakı münaqişənin həllinə başlamaq və müharibə edən tərəfləri danışıqlara sövq etmək üçün Nyu-Yorkda BMT Baş Assambleyasının imkanlarından istifadə etməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş Assambleyada iştirak etmək üçün Nyu-Yorka gələn Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto deyib.

"Ukraynaya sülh gətirmək üçün bu həftədən istifadə etməliyik. Ruslar, ukraynalılar, amerikalılar, fransızlar, bir sözlə hamı burada olacaq və hamının bir-biri ilə, belə demək mümkünsə, neytral ərazidə danışmaq imkanı olacaq", - xarici işlər naziri özünün "Facebook" səhifəsində bildirib.

Szijarto hesab edir ki, BMT həmfikirləri birləşdirmək üçün yaradılmayıb; bunun üçün NATO və ya Avropa İttifaqı kimi başqa təşkilatlar var: "BMT elə yaradılıb ki, tərəflər, hətta müharibə vəziyyətində olanlar da, heç olmasa, bir-biri ilə danışa bilsinlər, çünki o zaman hansısa həll yoluna ümid yarana bilər və vəziyyət heç olmasa, daha da pisləşməz" - nazir qeyd edib.