SOCAR və “Uzbekneftqaz” SC Avropada və digər ölkələrdə treyder əməliyyatları həyata keçirmək üçün birgə müəssisə yaradacaq. Bu barədə Özbəkistan holdinqinin məlumatında deyilir.

“Bu məsələ ötən gün SOCAR, “SOCAR Trading” (SOCAR-ın ticarət şirkəti, mənzil qərargahı İsveçrədə yerləşir – İF) və “Chematrade LLC”-nin nümayəndələrinin “Uzbekneftqaz” SC-də görüşü zamanı müzakirə olunub. Tərəflər treyder əməliyyatlarının həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Görüş Özbəkistan konserninin İdarə Heyətinin sədri Bahodir Sidikovun oktyabr ayında Bakıya səfərinin yekunları üzrə əldə edilmiş razılaşma çərçivəsində təşkil olunub.

“Görüşün yekunları üzrə birgə müəssisənin tezliklə təsis edilməsi istiqamətində gələcək addımlar müəyyən edilib. Birgə müəssisə “Uzbekneftqaz” üçün Avropanın, eləcə də Özbəkistanla birbaşa nəqliyyat dəhlizlərinə malik olmayan digər ölkələrin ixrac bazarlarını mənimsəməyə imkan verən yeni istiqamət olacaq”, - deyə məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, Özbəkistanın energetika nazirinin birinci müavini Jurabek Mirzəmahmudov və "Uzbekneftqaz" SC-nin İdarə Heyətinin sədri Bahodir Sidikovdan ibarət nümayəndə heyəti Bakıya səfər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparıb. Görüşdə Özbəkistanın neft-qaz və kimya məhsullarının "SOCAR Trading” vasitəsilə ixrac potensialının artırılması imkanları müzakirə edilib.