Şərqi Zəngəzur, Qarabağ, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları ərazilərində hiperspektral və məsafədən zondlama üsulları ilə geofiziki və geokimyəvi anomaliyaların xəritələnməsi, filiz və qeyri-filiz yataqlarının və təzahürlərinin aşkarlanması işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Geoloji Kəşfiyyat Agentliyi müvafiq işlərə başlayıb.

Həmin ərazilərdə yüksək ayırdetməli peyk çəkilişləri aparılacaq, alterasiya xəritələri hazırlanacaq və peyk məlumatlarının geoloji mühitə inteqrasiya edilmiş nəticələrinə əsaslanan, proqnoz göstəriciləri əks etdirən xəritələr tərtib ediləcək. 

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunları üzrə layihə ərazisində nümunələr götürüləcək. Poliqonların koordinatlarının və götürülmüş nümunələrin spektral xarakteristikaları ölçüləcək.

Agentlik qeyd olunan geoloji işlərin 4,4 milyon manata başa gələcəyini ehtimal edir.