"27 sentyabr 2020-ci il tarixində həm Ermənistan, həm də onlara havadarlıq edən beynəlxalq güclər qarşılarında öz torpaqlarını düşmən tapdağından azad etməyə qərarlı olan güclü bir Azərbaycan gördülər".

Bu sözləri 27 sentyabr - Anım günü ilə bağlı təəssüratlarını bölüşən politoloq Yusif Bağırzadə İqtisadiyyat.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Yusif bəy, 27 sentyabr sizin üçün nəyi ehtiva edir?

Həmin tarixdən artıq üç il keçir və cənab prezident bu tarixin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Heç şübhəsiz ki, 27 sentyabr tarixi xalqımızın yaddaşından, o cümlədən də hərb tariximizdən heç bir zaman silinməyəcəkdir. Çünki  məhz həmin gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. İşğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın quldur silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Təbii ki, bu ilk cəhd deyildi. Çünki ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir dövrdür ki, davam edirdi. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək, yaşayış məntəqələrindən azərbaycanlıları sıxışdırmaq onlar üçün bir amala çevrilmişdir. Heç şübhəsiz ki, Azərbaycan xalqı ermənilərin Çar Rusiyasının dəstəyi ilə 1905-1907, daha sonra 1918-1920-ci illər ərzində xalqımıza qarşı xüsusi qəddarlıqla həyatra keçirdikləri amansız qətllərini, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlının deportasiya olunmasını, Sovet Rusiyasının birbaşa dəstəyi ilə 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmasını və nəhayət onminlərlə günahsız insanı qətl edərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsini heç bir zaman unutmayacaq. 

 

9fa3a131-dda7-445f-9203-396c7ed1b00d.jpg

 

- Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib...

- Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. BMT isə bu müddət ərzində işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalaraq icra olunmamışdır. Məqsəd isə yuxarıda da qeyd etdiyim kimi status-kvonu qoruyub saxlamaq və son anda Azərbaycanı işğal faktı ilə barışmağa məcbur etməkdən ibarət olmuşdur.

- Aprel və Tovuz döyüşləri barədə nə deyə bilərsiniz?

- İstər 2016-cı il aprel, istərsə də 2020-ci il Tovuz döyüşləri sübut etdi ki, Azərbaycan heç bir halda bu işğalla barışmayacaq. Əslində elə prezident İlham Əliyevin “Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun” fikirləri də bu işğalla heç vaxt barışmayacağımızın həm Ermənistana, həm də beynəlxalq birliyə çatdırılmasına xidmət edirdi. Lakin Ermənistan nə Lələtəpə və Tovuz döyüşlərindən, nə də cənab prezidentin bəyanatlarından nəticə çıxara bilmədi. Əksinə Azərbaycana qarşı diversiyaları davam etdirərək, təxribatçı bəyanatlar verməyə davam etdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribatı baş verdi. Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərinin şiddətli artilleriya atəşinə tutulması nəticəsində hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən, 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmək üçün fəaliyyətə başlamışdır.

- Hesab etmək olarmı ki, Azərbaycanın son illərdəki qətiyyəti Ermənistan və havadarlarına bir dərs oldu?

- Ermənistan və havadarları gec də olsa anladılar ki, qarşılarında artıq 90-cı illərin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil, öz milli maraq və mənafelərini hər şeydən üstün tutan, bu yolda bütün çətinlikləri gözə alan və çətinlikləri bir-bir səbirlə, əzmlə aşan Azərbaycan var. Bu Azərbaycanla və onun lideri İlham Əliyevlə isə zor, təhdid, diktə dilində danışmaq mümkün deyil. Həm də onu anladılar ki, bu dəfə onları arxalarında dayandıqları beynəlxalq güclər belə xilas edə bilməyəcək. 32 ildir səbr edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu və bununla da Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi. Bununla da 27 sentyabr həm də Vətən Müharibəsinin başlandığı gün kimi tarixə düşdü. 

 

4d4c06a9-d2ca-4213-a9c9-63b0e663b276.jpg

 

- Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikasından beynəxalq təcrübədə istifadə oluna bilərmi?

- Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Vətən Müharibəsi Azərbaycan Ordusunun hərb tarixində yeni döyüş taktikalarının müəllifi olduğunu da ortaya qoydu. Məhz bunun nəticəsidir ki, bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (NationalWarCollege) və "SetonHall" Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmilərinin öz açıqlamalarında Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini dəfələrlə qeyd etdiyinin şahidi olmuşuq. Heç şübhəsiz ki, Ordumuzun bu şəkildə güclü olması hərbi quruculuq işinin Prezident İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindən olması ilə bağlıdır. Prezident İlham Əliyevin “Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir.” sözləri də cənab Prezidentin ordunun möhkəmləndirilməsi işinə verdiyi önəmin göstəricisi kimi qəbul oluna bilər. 

- Müharibədə Azərbaycanın qələbəsini şərtləndirən ən mühüm amillər hansılardır?

-  Azərbaycanın qələbəsini şərtləndirən ən mühüm amillərdən biri birlik, iradə və əzmkarlıqla bağlı oldu. Belə ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə çalışan mülki şəxslər və bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Xalq öz prezidentinə ehtiram və sonsuz etibar etdiyini Vətən Müharibəsinin gedişində dəfələrlə sübut etdi. Həmrəylik və vahid yumruq halında birləşmək hər bir Azərbaycan vətəndaşı üçün bir amala çevrildi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu da göstərmiş oldu. Nəticə etibarilə 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı və bir neçə gün bundan əvvəl həyata keçirilən antiterror tədbirləri nəticəsində bir daha bütün dünyaya öz gücünü göstərmiş oldu.  

Bu gün hər bir Azərbaycan vətəndaşı böyük qürurla Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoymasına, döyüş mövqelərindən və hərbi postlardan çıxmasına və tam şəkildə tərksilah olunmasına, eləcə də Azərbaycan ərazilərini tərk etməsinə şahidlik edir. Bu, Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi və hər birinin qisası alındı.

Gülşən Şərif