Son günlər Azərbaycan-Ermənistan sərhədində yenidən gərginlik yaşanır. Bundan başqa, bir neçə gündür Ermənistan Qarabağa "humanitar yük” göndərmək ətrafında çirkin kampaniyaya başlayıb və beynəlxalq aləmin diqqətini cəlb etməyə çalışır. Hətta sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

 

9fa3a131-dda7-445f-9203-396c7ed1b00d.jpg

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, separatçı rejim öz iddialarından əl çəkmədikcə, Xankəndi və ətrafındakı ermənilər Azərbaycan qanunları ilə yaşamağı qəbul etmədikcə və ən nəhayət ərazilərimizdə hələ də on mindən artıq erməni silahlı hərbi birləşmələri qalmaqda davam etdikcə, müharibə ehtimalı qüvvədə olacaq:

"Ermənistanın təxribatlar törətməsində bir neçə məqam var. Birincisi, Ermənistan bununla vaxt udmağa və bu vaxtdan istifadə edərək İkinci Qarabağ savaşında darmadağın olan ordusunu bərpa etməyə çalışır. Ermənistanın Hindistan, Fransa və İran kimi ölkələrlə olan silah müqavilələri, Yunanıstanla hərbi əməkdaşlıq haqqında danışıqlara başlaması da bunu sübut edir. İkinci bir tərəfdən isə vəziyyətin gərgin olaraq qalması Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan və bununla bağlı Ermənistana təzyiq göstərən ayrı-ayrı ölkələrin sifarişlərindən qaynaqlanır. Qərb, xüsusilə də Fransa Ermənistana hər platformada dəstəyini ifadə etməklə, vəziyyətin qeyri-sabit qalmasında maraqlıdır. Rəsmi Paris düşünür ki, qeyri-sabit vəziyyət Ermənistan cəmiyyətində Rusiyanın Ermənistanı müdafiə edə bilməməsi düşüncəsini daha da inkişaf etdirə və nəticədə anti-Rusiya mövqeyini möhkəmləndirə bilər. Bununla da Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı hədəfləyən Fransa və ABŞ sonrakı mərhələdə Rusiyadan qalan yeri özlərinin doldurmasını hədəfləyirlər. 

Problem ondadır ki, vəziyyətin gərgin olaraq qalmasında maraqlı olan tərəf təkcə Qərb deyil. Rusiyanın özü də tərəflərin sülhdə anlaşmamasında maraqlıdır. Çünki Rusiyaya görə Azərbaycan və Ermənistan arasında sülhün bərpa olması Rusiyanın təkcə Qarabağdan deyil, həm də növbəti mərhələdə Ermənistandan da çıxması demək olar. Eyni düşüncəni İranla bağlı da demək olar. Rəsmi Tehran öz maraqları prizmasından Azərbaycan və Ermənistan arasındakı sülhdə maraqlı deyil". 

 

1648715862_rass.jpg

 

Paşinyan və komandasının son günlərdəki bəyanatlarına da toxunan politoloq hesab edir ki, Ermənistan hakimiyyəti bu cür bəyanatlarla həm danışıqlar masasından qaçır, həm də Ermənistan daxilində revanşist mövqedə dayanan müxalifətinin mövqelərini zəiflətməyə çalışır:

"Paşinyanın faktiki olaraq radikal mövqedə dayanması Qarabağ kartını müxalifətin əlinə vermək istəməməsi ilə də bağlıdır. Lakin Ermənistanın və onların havadarlarının hansı planlar qurmasından asılı olmayaraq, Azərbaycan sülh prosesində qətiyyətlidir. Ölkəmiz separatçı rejimin tör-töküntülərinin ərazilərimizdən tez bir zamanda çıxarılmasını hədəfləyib. Elə cənab Prezidentin dünən ABŞ Dövlət Katibi Blinkenlə telefon danışında "dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır" deməsi də ölkəmizin öz suveren ərazisində separatizmə dözmək fikrində olmadığını bir daha ortaya qoyur".

Gülşən Şərif