"Azərbaycanın açıq dənizə çıxışı olmasa da, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

R. Rüstəmovun sözlərinə görə, Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatıran, qonşuları ilə birləşən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmış Azərbaycan region ölkələri üçün tranzit imkanlarını təmin etməkdədir.

“Orta Dəhlizin daha bir qolu olaraq İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın özü və tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir. Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhliz ilə TransAfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da var”, - ADY sədri bildirib.