SOCAR səmt qazının məşəllərdə yandırılma həcmini 0,9%-dək azaldıb. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev deyib.

“SOCAR Dünya Bankının və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. 2018-ci ildə Azərbaycanda bu göstərici 1%, 2019-cu ildə isə 0,9% təşkil edib”, - deyə o, bu gün Bakıda "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

R.Abdullayev qeyd edib ki, 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib. “Nəticədə ölkədə il ərzində 1 milyard kubmetr səmt qazı yığılaraq istehlakçılara yönəldilir”, - deyə R.Abdullayev bildirib.

O əlavə edib ki, SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir.