Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib. Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

 

thumb_20161029022435158.jpg

 

Mövcud gedişatla bağlı Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyətdə bölgədə yeni regional konfiqurasiya qurulur:

"Qondarma rejim bu dəfə acı reallıq qarşısında tab gətirə bilmədi. Belə ki, 24 saata yaxın davam edən antiterror tədbirlərindən sonra Qarabağdakı erməni seperatçılar Azərbaycan ordusu tərəfinən məhv edildi. Onlar başa düşdülər ki, başqa çıxış yolları yoxdur. Əslində bu vəziyyət heç də təsadüfi deyil. Mövcud gedişatlar hər şeyi açıq göstərirdi. Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyan istefa vermişdi və çox yaxşı bilirdi ki, yeni lideri hansı məsuliyyət gözləyir. Bütün hallarda Azərbaycan ordusu tarix yazdı. Ölkə başçısı İlham Əliyev nəyi nə vaxt və necə edəcəyini çox yaxşı bildiyini sübut etdi. Azərbaycan müasir və milli dövlətlər tarixində yeganə ölkə oldu ki, terrora qarşı mübarizəni uğurla davam etdirdi və öz ərazisində seperatçılığın qarşısını aldı. Ölkəmizin atdığı addımlar hər bir dövlət üçün örnəkdir. Əminəm ki, ümumdünya seperatçıları bugünkü tarixi özlərinin kədər günü kimi qəbul edirlər. 

Azərbaycan Konstitusiyası və bayrağı bütün Qarabağdadır. Bundan sonra da hər zaman mövcud olacaq.  Qondarma rejimin özünü buraxması göstərdi ki, istənilən halda geri çəkilməməliyik. Ermənistanın arxasında çox böyük güclər dayansa da, sona qədər duruş gətirə bilmədilər. Artıq bölgəni yeni mərhələ gözləyir".

Gülşən Şərif