Rusiya hökumətinin təşəbbüsü ilə dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilmiş ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş 1 TIR yük hələ də Bərdə şəhərindədir və Ağdam-Xankəndi yolu ilə keçidinə əngəl törədilir. 

Beynəlxalq Qızıl Xaç Komitəsi və separatçılar sanki əlbir işləyərək yükün qarşısını kəsməkdə israr edirlər.

Beynəlxalq humanitar təşkilatın bu selektiv davranışı Azərbaycan və dünya ictimaiyyətini təəssüfləndirib. 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirib ki, separatçılar tərəddüd içindədir:

“Qarabağ separatçıları öz aralarında qərar verə bilmirlər ki, Rusiyadan gələn yükü buraxsınlar, ya yox. Dünən bu barədə müsbət qərarları da vardı. Demişdilər ki, Ağdam-Xankəndi yolundan istifadə istisna deyil, bir şərtlə ki Laçın yolu da açılsın. Amma 2 saat içində mövqelərini dəyişdilər. Əvvəllər də belə ediblər. Məsələn, bir neçə dəfə bizim rəsmilərlə Yevlaxda və digər bölgələrdə görüşməyə razılaşıb, sonradan imtina ediblər.

Bütün hallarda biz Ağdam-Xankəndi yolunun açılmasına nail olmalıyıq. Separatçıların nazı ilə oynamaq doğru deyil”.

Siyasi şərhçi hesab edir ki, Laçın yolunu açmaq olar, amma yalnız bizim şərtlər daxilində: “Qızıl Xaç Komitəsi bir müddət Laçın yolundan istifadə edirdi. Azərbaycan onlara Ağdam-Xankəndi yolunu təklif etsə də razılaşmırlar. Ola bilsin Ermənistan hökuməti və separatçılardan onlara müəyyən təzyiq var. Çünki Qızıl Xaç Komitəsinə bir sıra Qərb dövlətlərinin təsir imkanlarının olduğu məlumdur.

Bütün hallarda biz hədəflərimizə çatmalıyıq. Laçın yolunu heç bir halda güzəştsiz açmaq olmaz. Ağdam-Xankəndi yolu işə düşməlidi ki, ondan sonra Laçın yolunun açılması təmin olunsun. Özü də Laçın yolu elə-belə deyil, gömrük qaydalarına uyğun şəkildə işləməlidir. Yüklər yoxlanıldıqdan sonra gömrük rüsumu alınmaqla buraxılmasına icazə verilə bilər”.