Qaz təchizatı ilə bağlı qanun layihəsində texniki baxışın həyata keçirilməsinin “Azəriqaz”a verilməsi nəzərdə tutulub.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

O bildirib ki, qanun layihəsinə əlavə dəyişikliklər tətbiq olunsa, texniki baxışlar və nəzarət “Azəriqaz” İB-yə veriləcək:

“Texniki baxış “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq həyata keçirəcək. Texniki baxışdan sonra akt tərtib olunacaq və əgər baxış zamanı problemlər aşkar edilərsə, bu problemlər abonentin maddi vəsaiti hesabına 30 gün müddətinə aradan qaldırılacaq”.

Qeyd edək ki, Milli Məclisin gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik qəbul ediləcəyi təqdirdə 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.