"Qazaxıstan növbəti ildən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ildə 1,5 milyon ton neft nəql etməyə başlamağı planlaşdırır".

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın Baş naziri Əlixan Smailov deyib.

“O cümlədən, hazırda bizim yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 1,5 milyon ton neft nəql etməklə bağlı sazişimiz var və bu həcmin 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir”, - Baş nazir bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın neft ixracının şaxələndirilməsi çərçivəsində xüsusi yol xəritəsi hazırlanıb.

"Xüsusən də, bu, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətindədir. Həmçinin bura Bakı-Supsa (Gürcüstan) və Bakı-Batumi xəttləri də daxildir. Bundan əlavə, Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu istiqamətləri də var. Digər istiqamət isə Çindir. Hazırda bütün bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması ilə bağlı işlər aparılır", - Ə. Smailov vurğulayıb.