Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdıqdan sonra işğal altında olan bir sıra kəndlərimizin aqibəti istiqamətində müzakirələr də artıb. Müzakirələr görə, ilin sonuna kimi sülh müqaviləsi bağlana bilər. Məsələn, Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi hələ də işğal altındadır. Bundan başqa, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir.

Maraqlıdır ki, ilin sonuna kimi Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcəkmi?

 

ABŞ və Rusiya generallarının danışıqlarının gizli məqamları – İndən belə nə  olacaq? - GlobalInfo.az

 

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan şərtlərin hər birinə əməl etməlidir:

"Qondarma rejim buraxıldıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilkin razılaşmaların hər biri icra olunmalıdır. Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər isə məlumdur. Yəni təkcə Qarabağ bölgəsi deyil, hətta Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi  bütünlüklə Azərbaycanın nəzarətinə keçməlidir. Eyni zamanda Ermənistan üzərinə düşən 5 baza prinsipini icra etməlidir. Bu baza prinsiplərindən birincisi dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, ikincisi dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, üçüncüsü dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və nəhayət beşincisi nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması daxildir. Bu prinsiplərə əməl olunarsa, ilin sonuna doğru sülh müqaviləsinin yekun nəticələrini görə bilərik. Hesab edirəm ki, bunun üçün şərait var. Sadəcə olaraq Ermənistan ortaya iradə qoymalı və kənar güclərdən asılılığını azaltmalıdır. 

Əgər sülh müqaviləsi imzalanarsa, bu, Ermənistan üçün də faydalı olacaq. Ermənistan Azərbaycanın irəli sürdüyü "3+3" formatında olan görüşlərdə iştirak edə bilər. Həmçinin Zəngəzur dəhlizinin açılması Ermənistanın bugünkü rəzil durumdan çıxaraq iqtisadi imkanlarının inkişafına səbəb ola bilər. Sülh müqaviləsi imzalanana kimi müəyyən boşluqlar ola bilər, amma sazişdən bu manelər aradan qalxacaq və iqtisadi əlaqələr qurulacaq". 

Gülşən Şərif