Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb. Sənədlərdən biri "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”dur. 

Qars-Naxçıvan dəmir yolu layihəsinin Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb.

 

xalid(1)(1).jpg

 

Onun sözlərinə görə, sözügedən layihələrin tətbiqi Naxçıvan-Türkiyə əlaqələrinin daha da genişlənməsinə təkan verəcək:

"Məlumdur ki, Ermənistan Naxçıvanın Azərbaycanla əlaqəsini kəsib. Sovet dövrü dağılandan sonra Naxçıvanla əlaqə məhz İran vasitəsilə mümkündür. Çünki Sovet dövründə mövcud olan dəmiryolu xətti də dağıdıldı. Naxçıvanı elektrik enerjisi və qazla təmin etmək üçün İranla müəyyən razılaşmalar əldə olundu. Belə ki, İran Azərbaycan tərəfinin verdiyi qazın 15 faizini komissiya kimi tutur. Əgər Azərbaycan  İrana 100 milyon kubmetr qaz verirdisə, bunun yalnız 85 milyon kubmetri Naxçıvana ötürülürdü. Hazırda İranla münasibətlərin gərginləyini nəzərə alsaq, İğdır-Naxçıvan qaz kəməri İrandan asılılığı və bahalı prosesi aradan qaldıracaq. Yəni Azərbaycan əlavə 15 faiz komissiya ödəmək məcburiyyətində qalmayacaq. 

Qars-Naxçıvan dəmir yolu xətti isə Naxçıvanın inkişaf etdirilməsi ilə yanaşı, gələcəyə yönəlmiş addımlardan biridir. Zəngilana kimi dəmiryolu xətti çəkilib. Naxçıvana da dəmir yolu xəttinin çəkilməsi üçün bərpa və tikinti işləri gedir. Hazırda proses gələcəkdə açılacaq Zəngəzur dəhlizinin yük götürmə qabiliyyətinin formalaşması üçün nəzərdə tutulur". 

Gülşən Şərif