Rusiya prezidenti Vladimir Putin Kubanı 50 ilə yaxın idarə edən Fidel Kastronun böyük şəxsiyyət olduğunu deyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, "Rusiya-Latın Amerikası" Beynəlxalq Parlament Konfransında çıxış edən Putin Latın Amerikasının “ədalət və sosial bərabərlik uğrunda mübarizə aparan fədakar döyüşçüləri” Salvador Allende, Ernesto Çe Gevara və Fidel Kastrodan bəhs edib.

Putin qeyd edib ki, Fidel Kastro ilə bir neçə dəfə görüşüb və bu görüşlərini xatırlayır.

"O, möhtəşəm insan idi. O, təkcə kubalıları deyil, hər saniyə insanları düşünən biri idi. O, bütün Latın Amerikasını, planeti, bütün Yer kürəsini düşünürdü. Və həqiqətən də, onun bütün şüuru ümumi rifah və ədalətə nail olmaq qayğısı ilə dolu idi. O, unikal şəxsiyyət idi. Latın Amerikası belə insanlar yetişdirir", - Rusiya prezidenti bildirib.

Qeyd edək ki, Fidel Kastro 1959-2008-ci illərdə Kuba Nazirlər Şurasının sədri vəzifəsini tutmuş Kuba inqilabi hərəkatının liderlərindən biridir. O, 2016-cı ildə vəfat edib.