Cümə günü Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində məsciddə intiharçı-terrorçunun törətdiyi partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə xilasedici qruplar məlumat verib.

Bildirilib ki, terror aktı Hanqu rayonunda polis bölməsinin ərazisində yerləşən məscidin ibadət zalında baş verib.

“İki intiharçı-terrorçu polis bölməsinin əsas qapısında polisə əl qumbaraları atıb. Onlardan biri polislə atışmada həlak olub, digəri isə məscidin içərisinə girə bilib”, - deyə xilasetmə idarəsinin nümayəndəsi Bilal Faizi bildirib. O, əlavə edib ki, terrorçunun özünü partlatması nəticəsində məscidin damı qismən uçub.

Onun sözlərinə görə, partlayış zamanı məsciddə 30-40 nəfər olub. Onlardan bəziləri dağıntılar altında qalıb.

Xilasetmə əməliyyatı başa çatıb, xəsarət alanlar tapılaraq rayon hərbi xəstəxanasına çatdırılıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, ötən gün ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verən daha bir partlayış nəticəsində isə 50 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı.