Ötən il xüsusilə ağır cinayətlər törətmiş 4.324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

Qeyd edilib ki, cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə сəhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, xuliqanlıqların 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluqların 98,1, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5, avtonəqliyyat vasitəsini qaçırmaların 97,2, dələduzluqların 92,1 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri isə 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib.