"Ötən il qanunsuz dövriyyədən 4 ton 464 kiloqram, yəni 2022-ci illə müqayisədə 1 ton 46 kiloqram çox narkotik vasitə götürülüb, 620 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Kollegiya iclasında bildirib.

Nazir bu növ cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini bildirərək onlara təşəkkürlərini çatdırıb.

Vilayət Eyvazov həmçinin yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib.