06.10.2023-cü il tarixində Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən İqtisadiyyat.az-a verilən məlumata görə, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib.

Yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib, 1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb.

Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir.

*** 19:16

Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında əksini tapıb.

“Oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal FHN-nin əməkdaşları hadisə yerinə çıxıb.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb”.